4

2010 / 2011 Season

50 hektar sahəni əhatə edən Qaratəpə dağı üzərində yerləşən Oğlanqala, Dəmir dövründə Naxçıvanda ən böyük, Cənubi Qafqazda isə böyük qalalardan biri olmuşdur (şəkil. 1). Abidənin yerləşdiyi ərazi kənd təsərrüfatı üçün böyük əhəmiyyəti olan və Naxçıvanın ən məhsuldar ərazisi olan, öz başlanğıcını Kiçik Qafqaz dağlarından alan Arpaçayın keçdiyi Şərur düzənliyini nəzarətdə saxlamaq baxımından olduqca əhəmiyyətlidir. Oğlanqalada 1988-1989 – ci illərin qazıntıları zamanı qalanın Erkən və Orta Dəmir dövründə bu ərazidə mühüm siyasi mərkəz olması ilə bağlı inkaredilməz dəlillər aşkar olunmuşdu1. 2008-2011 – ci illərdə bizim dörd il ərzində apardığımız qazıntılar nəinki bu ilk mülahizələri təsdiq etdi, həmçinin göstərdi ki, Oğlanqala Erkən Dəmir dövründə müstəqil dövlətin paytaxtı olmuşdur. O, qonşu Urartu dövləti ilə iqtisadi və mədəni əlaqələr saxlamış, Əhəməni imperiyasının dağılmasından sonrakı yüzilliklərdə güclü müdafiə sistemi ilə əhatə olunmuş şəhər-dövlətin paytaxtı olmuşdu2.

Bizim Oğlanqaladakı qazıntılarımız zamanı biri müasir, dördü qədim olmaqla beş dövr aşkar edilmişdir. Bu ərazi Erkən Dəmir dövründə, bizim dövrələşməyə görə V dövrdə - e. ə. 1200-800 – cü illər ərzində məskunlaşdırılmışdı. Lakin sitadelin arxitekturası Orta Dəmir dövrü ilə tarixləndirilir. IV dövr e. ə. 800-600 – cü illərlə, yaxud Dəmir dövrünün sonu ilə tarixləndirilir, III dövr isə e. ə. 400 – 250 – ci illərə aid edilir. E. ə. 200 və bizim eranın 100 – cü ilində (II Dövr) dağın böyük hissəsi müdafiə divarları ilə möhkəmləndirilmiş şəhərə çevrilir. Ehtimal ki, bu dövrdə şəhər Olane adı ilə tanınmış və Strabonun3 “Coğrafiya” əsərində xatırlanmışdır. Nəhayət müvəqqəti arxitektura, keramika məmulatı, Orta əsrlər və müasir dövrlə tarixlənən qəbirlər, Elxanilər dövrünün şüşə qabları (Ib Dövrü), Rusiya imperiyasının mis pulları (Ia Dövrü) yaşayış yerinin böyük bir hissəsini əhatə edir (13-cü əsrdən XX əsrədək)

Nəticə və gələcək tədqiqat planları

Bizim ilk dördillik araşdırmalarımız e.ə birinci minillikdə Naxçıvanda olan siyasi və iqtisadi inkişaf haqqında həmçinin Yaxın Şərqin böyük hissəsi ilə Naxçıvan arasında olan dəyişkən əlaqələr haqqında mühüm informasiya verir. Tədqiqat işləri başlıca olaraq Oğlanqalada toplanmış və onun təqribən e. ə. 1000 - ci ildə məskunlaşdırıldığı müəyyən edilmişdir. Sitadelin müdafiə istehkamları təqribən e.ə. 800-cü ildə inşa olunmuşdur. Ehtimal ki, Şərur düzündə kiçik bir dövlətin paytaxtı olmuşdur. Onun yenidən bərpası e.ə.350-250-ci illərə Əhəmənilər imperiyası və Ellinistik dünyasının genişləndiyi dövrə təsadüf edir. 2011-ci ilin mövsümü Oğlanqalanın Parfiya və Roma imperiyaları ilə əlaqələrini tədqiq etməyə imkan verdi. Binaların, tikintilərin və keramikanın yerli xüsusiyyətlərinə baxmayaraq, müəyyən edildi ki, şəhərin sakinləri öz dəfnlərində Roma elitasına aid sikkələrdən istifadə etmişdir. Gələcəkdə sitadeldə qazıntılar aparmaq və bu şəhərin Urartu və Əhəməni imperiyası ilə əlaqələrini aydınlaşdırmaq istəyirik. Biz həmçinin II Dövrün böyük binalarında qazıntılar aparmaq, e.ə. son yüzilliklərdə Naxçıvanın imperiyalarla münasibətini aydınlaşdırmaq istəyirik. Bizim müvəffəqiyyətlərimiz Naxçıvan Muxtar Respublikasının rəhbərliyi, AMEA Naxçıvan Bölməsi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, və ABŞ Milli Elm Fondunun köməkliyi sayəsində mümkün olmuşdur. Biz onlara öz minnətdarlığımızı bildirir və güman edirik ki, Azərbaycan-Amerika qazıntıları gələcək illərdə də davam etdiriləcəkdir.

Figure 1