4

The Ceramics

2011-ci ilin mövsümü 2008-2011-ci illərin qazıntısında aşkar olunan bütün gil məmulatını öyrənməyə imkan vermişdir.

Oğlanqalanın keramikası beş tikinti dövrünə aid olsa da, tikinti işləri zamanı təbəqələr qarışdığından bəzən bir dövrün qablarını digərindən ayırmaq çətin olur. Bu onu göstərir ki, stratiqrafiya gil qabların xronologiyasını müəyyən etmək üçün heç də həmişə yaxşı bələdçi deyil. Məsələn IV Dövrün bədii cəhətdən yaxşı hazırlanmış, bəzən isə üzərində mixi işarələr olan təsərrüfat küplərinin parçaları demək olar ki hər bir konteksdən aşkar olunmuşdur. Əfsuslar olsun ki, onlar bəzən tarixləndirildikləri və istifadə edildikləri kontekslərdə aşkar olunmur. Onlar gil qabların ən böyük və ağır hissəsindən ibarətdi, Fikrimizcə, onlar yamacın yuyulması zamanı yer dəyişməmiş, ehtimal ki, sitadelin boş hissəsini doldurmaq üçün əvvəlcədən yığılmışdır. II Dövr binalarının sahəsində IV Dövrə aid bir təsərrüfat küpünün qalığı aşkar olunmuşdur. 2-ci sturukturda aşkar olunan bu parçalar, yəqin ki, müəyyən məqsəd üçün istifadə edilmişdir. 2008-ci ildə C şurfundakı binalardan aşkar olunan keramika məmulatının bir qismini II Dövrə aid etmək olar. Bu binaların hamısı və keramika əsasən II Dövrlə tarixlənir. Lakin ola bilsin ki, binalar inşa edilərkən III Dövrün keramikası da onlara qarışaraq ətrafa səpələnmiş, həmin sahənin maddi qalıntıları ilə qarışmışdır. Digər yerlərlə də müqayisə aparmaq çətindir. Son Dəmir dövrünün keramikası Qafqaz, İran və Şərqi Anadolunun Antik dövrü boyunca davam etmiş və müəyyən ardıcıllıq göstərmişdir. Lakin bu ardıcıllığı dəqiqləşdirmək üçün yaxşı straqiyafiyası olan yerlərdən gələn gil qablara nəşrlərdə rastlanmır.

V Dövrə aid gil məmulatı hələ qazıntılar başlamamışdan şimal istehkamları ilə bağlı olan iki kərpic platformasından, az miqdarda isə sitadeldən aşkar olunmuşdur. Biz V Dövrü tikintilərin heç biri ilə eyniləşdirmədik, ehtimal ki, köhnə gil qab parçaları son dövrlərin tikinti materialları ilə qarışmışdır. V Dövrün ən yaxşı keramika kolleksiyası kurqanın qazıntıları zamanı in situ vəziyyətdə aşkar olunmuşdur. Ümumiyyətlə, beşinci dövrün keramika məmulatı boz-qara rəngli gildən bişirilmiş, cilalanmış, bəzən isə qravüra üsulu ilə naxışlanmışdır. Kurqanda daha çox kasa tipli qablar geniş yayılmışdı. Lakin lüləkli və göbələkşəkili çıxıntısı olan qablara da rastlanırdı. Bu tip çıxıntılı qablar Xocalı-Gədəbəy mədəniyyəti abidələrindən və İranda II Dəmir dövrü abidələrindən yaxşı məlumdur (şəkil. 14).

IV Dövrün tapıntıları in situ vəziyyətdə aşkar olunmamışdır. Lakin gil qabların böyük qismi bu dövrlə tarixləndirilən materiallar arasında özünə yaxın bənzərlər tapır. Dördüncü dövr keramikasının ən çox yayılmış forması diametri bir metr olan böyük təsərrüfat küplərinin, yaxud pifosların qalıqlarıdır. Divarlarının qalınlığı 20 sm olan qablar oxşəkilli naxışla bəzədilmiş yapma ornamentlə əhatələnmişdir (şəkil. 15). Bu yapma ornamentlərin yaxın bənzərləri bu dövrə aid digər nəşr olunmuş materiallar arasında vardır. Lakin bəzi nümunələr Urartu pifosları ilə bənzərdir, onlar qabların ağız kənarı ilə gövdəsini birləşdirməyə xidmət etmişdir2. Urartu yaşayış yerlərində üzərində mixi yazı olan dörd böyük təsərrüfat küpünün parçası aşkar edilmişdir3. Söyləmək lazımdır ki, oxşəkilli motiv mixi işarələrin düşünülmüş və aldadıcı təkrarıdır. Əgər Oğlanqalanın yazı sistemi öz nüfuzlu qonşularının elitasından götürülmüşsə, demək olar ki, yerli hökmdarların tələbini əks etdirir. Dördüncü dövrün digər keramikası idxal edilmiş “Saray Keramikası”ndan ibarətdir. Üzərində qəhvəyi ləkələr olan, qırmızı rəngdə bişirilmiş, yaxşı cilalanmış bu keramikanın bənzərləri digər yaşayış yerlərindən yaxşı məlumdur. Digər formaları, xüsusilə kasaların ağız kənarlarını, qaralmış küpələrin ağız kənarlarını və ağzının kənarı xaricə qatlanmış küpələri də bu dövrə aid etmək olar.

III dövrün ğil məmulatını tipoloji analiz etmək çox çətindir. Belə ki, bu dövrdə sitadelin tikintisi tamamilə başa çatmamış və yaxınlıqdakı yaşayış yerlərindən isə onların bənzərləri az məlumdur. Əhəməni imperiyasının müəyyən tarixi ardıcıllıqla davam etməsinə və kifayət qədər tarixləndirilmiş yerlərin çox olmamasına baxmayaraq, birbaşa Əhəmənilərə aid keramika məmulatını ayırmaq mümkün olmamışdır. Lakin Oğlanqalada bəzi ayrıca yerlər vardır ki, onları III Dövrə aid etmək olar. Bu dövrün keramikasının tipoloji analizi dəqiq stratiqrafiyaya deyil, stilistik meyarlara və digər yerlərlərlə müqayisələrə əsaslanır. Bu dövrün keramikası çoxdur. Onlar qum qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə yaxşı bişirilmişdir. Keramika məmulatının rəng çalarları çəhrayı, sarı-qırmızı, narıncı rənglər arasında dəyişməkdədir. Bunlar Oğlanqalada daha çox yayılmış keramika nümunəsi olub II Dövr ərzində də davam etmişdir. Lakin bəziləri daha çox Əhəməni dövrünə aid edilə bilər. Onlar içərisində düzgün profili olan kasalar da vardır. Bu tip kasalar Əhəməni imperiyasında Pakistandan başlayaraq Qərbi Anadoluda Sardisə qədərki ərazidə yayılmışdır. Onlar arasında ağız kənarları içəri və xaricə qatlanan kasalar da vardır. Materiallar arasında ağız kənarından gövdəsinə birləşik qulpları olan küpələrə və idxal edilmiş zoomorf qulplara rastlanmışdır (şəkil. 16a). Ağız kənarı üçbucaqşəkilli küpələr, boyalı gil məmulatı İran və Cənubi Qafqazın Son Dəmir dövrü abidələrindən məlumdur. Onları həm II Dövrə, həm də III Dövrə aid etmək olar (şəkil. 16b). Boyalı keramika sitadeldə III Dövrün və II Dövrə aid binaların kontekstlərindən məlumdur. Belə keramika daha çox yerüstü materiallar içərisindən məlumdur. Şübhəsiz ki, gələcək araşdırmalar bunların dövrləşdirilməsinə imkan verəcəkdir.

II Dövr (e.ə.200 – b.e.100 –cü ili)

II Dövrün stratiqrafiyası olan kontekstləri, xüsusilə sitadeldəki çuxurlardan və binalardan gələn keramika bu dövrün keramikasını tipoloji analiz etməyə imkan verir, lakin əvvəlki dövrlərin gil qablarının istifadə edilməsi və onların yaxşı saxlanmaması səylərimizi çətinləşdirir. Sitadeldə II Dövrün mətbəx çuxurlarından gələn materialları ayırmaq imkanımız olsa da, onlar başlıca olaraq mətbəx qablarından ibarət idi və uzun bir dövr ərzində istifadə edildiklərindən dövrləşdirmək və tiplərə ayrırmaq üçün o qədər də əlverişli deyildi. Bundan başqa formaların II Dövr və III Dövr ərzində davam etməsi statiqrafik arıcıllığı olmayan kompleksləri müəyyənləşdirməyə imkan vermir. Bununla belə Oğlanqalanın son məskunlaşma dövrünə aid olan bəzi formaları müəyyən etmək mümkündür. Demək olar ki, halqa dabanlı, üzəri qırmızı və narıncı rənglə örtülmüş kasaların parçaları, ehtimal ki, II Dövrdə daha geniş yayılmışdır (şəkil. 17: 1, 2, 4). Bu kasaların dairəvi, halqaşəkilli oturacaqları Parfiya və İran Azərbaycanının yaşayış yerləri üçün xarakterik deyil. Lakin bəzi nümunələr Pasarqaddan, İranın digər yerlərindən və Artaşatın5 Ellin dövrü qəbiristanlıqlarından məlumdur. Kənarında yiv açılmış kasaların ağız kənarları xaricə doğru çıxıntılı olub (şəkil. 17: 12, 15) qapaq qoyulmaq üçün nəzərdə tutulmuşdur (şəkil. 17: 12). Bu tiplər daha çox yerüstü materiallar arasında yayılmış və həmin dövrlə tarixləndirilə bilərlər. Ağzının kənarı xaricə doğru çıxıntılı olan küpələr Cənub-Qərbi və Qərbi İranda Əhəməni dövründən Parfiya dövrünə keçən təbəqələrdən məlumdur və Oğlanqalanın II Dövrü üçün tipikdir (şəkil. 17: 7, 8, 11).

Figure 14
Figure 15
Figure 16: Iron Age Painted Sherds
Figure 17